Qara Qarayevin məzarı ziyarət edilib

Dünyaşöhrətli bəstəkar və pedaqoq, SSRİ Xalq artisti Qara Qarayevin anım günü ilə əlaqədar onun məzarı Fəxri Xiyabanda ziyarət olunub...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 May 2022, 16:04

Dünyaşöhrətli bəstəkar və pedaqoq, SSRİ Xalq artisti Qara Qarayevin anım günü ilə əlaqədar onun məzarı Fəxri Xiyabanda ziyarət olunub.

 

İnterAz xəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, akademik Firəngiz Əlizadə, Bəstəkarlar İttifaqının katibi, musiqişünas, professor Zemfira Qafarova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru Əziz Qarayusifli, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə görkəmli bəstəkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafında rolundan söhbət açılıb. Bu gün Azərbaycan musiqisinin dünyaya tanıdan Qara Qarayev məktəbinin yetirmələri müəllimləri ilə bağlı xatirələrini bölüşüblər.

 

Qeyd etmək lazımdır ki, görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində doğulub.  Dmitri Şostakoviç məktəbinin ən parlaq nümayəndələrindən biri olan Qarayev 1946-cı ildə Moskva Konservatoriyasında dahi bəstəkarın kompozisiya sinfini bitirib. O, hələ bundan xeyli əvvəl Azərbaycan xalqının musiqi yaradıcılığına dərindən yiyələnib. Bakı Konservatoriyasında təhsil aldığı illərdə Azərbaycanın ilk peşəkar bəstəkarı Üzeyir Hacıbəyli onu milli folklorun, aşıq və muğam sənətinin incəlikləri ilə tanış edib. 

 

1982–ci il mayın 13-də Moskva şəhərində vəfat edən bəstəkar milli musiqi xəzinəmizə dəyərli əsərlər müəllifi kimi daxil olub.

sss