MEDİA çap məhsullarının ƏDV-dən azad edilməsi ilə bağlı qərara münasibət bildirib

Bu qərar çap mediası məhsullarının maya dəyərinin və onların istehsal xərclərinin ciddi şəkildə azalmasına, nəticədə bu sahədə fəaliyyət göstərən subyektlərin inkişafına təkan verəcək...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 May 2022, 16:29

"Ötən il dekabr ayının 3-də Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilmiş, Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışının əlavə dəyər vergisindən azad olunması ilə əlaqədar müvafiq dəyişikliyə dair siyahının təsdiq olunması Nazirlər Kabinetinə həvalə olunmuşdu".

 

Bunu İnterAz-a Media Agentliyinin nümayəndəsi Elşən Ağayev deyib.

 

O xatırladıb ki, bununla bağlı bu gün – mayın 13-də Baş nazir müvafiq qərar imzalayıb:

 

"Bu qərar çap mediası məhsullarının maya dəyərinin və onların istehsal xərclərinin ciddi şəkildə azalmasına, nəticədə bu sahədə fəaliyyət göstərən subyektlərin inkişafına təkan verəcək. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanda media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə əsası qoyulan çoxşaxəli və kompleks tədbirlər çərçivəsində media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi və onların inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Medianın İnkişafı Agentliyi olaraq Prezidentin müvafiq Fərmanından və “Media haqqında” Qanunda əks olunan müddəlardan irəli gələn, media subyektlərinin işinin təkmilləşdirilməsinə və onların iqtisadi müstəqilliyinin gücləndirilməsinə yönələn layihələrimizi həyata keçirməyə davam edirik".

 

E.Ağayev bildirib ki, Medianın İnkişafı Agentliyi tərəfindən həm çap mediası məhsullarının yayımını həyata keçirən şirkətlərin, həm də çap mediası subyektlərinin irəli sürdüyü təkliflərə hər zaman həssas yanaşılıb və operativ reaksiya verilib:

 

"Bu ilin mart ayında Agentlikdə çap mediası subyektlərinin, eləcə də yayım şirkətlərinin rəhbərləri ilə görüş keçirilmişdi. Görüşün əsas məqsədi çap mediası məhsullarının yayım sahəsindəki mövcud vəziyyətin təhlili, yayım prosesinin səmərəliliyinin artırılması və bu sahəyə dair mövcud normativ hüquqi aktların müddəalarının izah edilməsi idi. Həmin görüşdə də hazırda ölkədə çap mediası sahəsində mövcud olan çatışmazlıqlar və onların aradan qaldırılması istiqamətində məhz yuxarıda qeyd etdiyimiz Fərmanın xüsusi rolundan bəhs edilmişdi. Beləliklə, əminliklə söyləmək olar ki, Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişiklik və bu gün imzalanan qərar media sahəsində aparılan əsaslı islahatların ardıcıllığını və vahidliyini təmin edəcək, bu sahədə fəaliyyət göstərən subyektlərin səmərəli fəaliyyətinə və iqtisadi dayanıqlılığının artmasına əhəmiyyətli dərəcədə təsir göstərəcək".

 

Xatırladaq ki, Nazirlər Kabineti idxalı ƏDV-dən azad edilən kağız və çap məhsullarının siyahısını təsdiq edib.

sss