Formula 1 yarışı Azərbaycanın idman ölkəsi kimi nüfuzunu daha da yüksəldib

Ülkər Qasımova
Müxbir
23 Dekabr 2016, 10:24
İlk dəfə olaraq Bakı dünyanın ən aparıcı avtoidman yarışı olan "Formula 1"ə ev sahibliyi etdi. Bakıda keçirilən Formula 1 hər kəsə böyük sürət , həyəcan vəd etdiyindən və eyni zamanda trek ətrafında möhtəşəm əyləncə tədbirləri, konsert proqramları olduğundan , azarkeşlər paytaxtımıza səfər edərək , yarışı burada izləməyə böyük maraq göstərirdilər. Ümumilikdə, yarışı Bakıda izləmək üçün 20 mindən çox insan bilet almışdı. Azarkeşlərin böyük hissəsi Rusiya vətəndaşları idi. Lakin, Türkiyə və Gürcüstan ilə yanaşı , Avropanın aparıcı ölkələrindən də çox sayda turist yarışı Bakıda canlı olaraq izləmək üçün Azərbaycana səfər etdi. 500 milyona yaxın azarkeş isə yarışı canlı olaraq televiziya vasitəsilə izlədi.
Hər kəsə məlumdur ki, 2016-cı ilin yayında Azərbaycana ərəb ölkələrindən on minlərlə turist gəldi. Turistlərin ölkəyə cəlb olunmasında dövlət tərəfindən görülən müvafiq tədbirlərin, o cümlədən viza sisteminin sadələşdirilməsinin müəyyən təsirləri ilə yanaşı, bu ilin iyununda uğurla keçirdiyimiz Formula 1 Avropa Qran Prisinin də böyük rolu oldu. Çünki, Formula 1 yarışı ərəb ölkələrində də keçirilir və bu ölkələrdə yarışın böyük azarkeş kütləsi var.
Əlbətdə ki, ölkəyə çox sayda turistin gəlməsi tək turizm sahəsinin deyil, bir çox sahələrin inkişafına təkan verdi. Azərbaycanda da, başda turizm sektoru olmaqla , iqtisadiyyatın turizmlə bağlı müxtəlif sahələrində canlanma yarandı. Çünki, Formula 1 azarkeşləri arasında böyük beynəlxalq şirkətlərin rəhbərləri var idi .Onlar yarışı izləməyə gəldikləri ölkələrin biznes imkanları ilə yaxından tanış olurlar ki, bu da ölkədə xarici investisiya qoyuluşuna öz töhfəsini verir. Nəticə olaraq, yarış zamanı Azərbaycanda da iqtisadiyyatın bir sıra sahələrində canlanma yarandı və ölkəyə xarici investisiya cəlb edildi.
“Yarışın Azərbaycanda keçirilməsi bizim tarixi nailiyyətimizdir, bu yarış bir daha Azərbaycanın gücünü göstərdi”.
Formula 1 yarışlarına böyük maraq göstərən Prezident İlham Əliyev də öz çıxışlarında yarışın ölkəmizə gətirəcəyi nailiyyətlərdən danışıb. Onun sözlərinə görə, 20 inkişaf etmiş şəhərdə keçirilən Formula 1 üçün, Bakı 21-ci şəhər oldu. “ İnanırıq ki, bu yarış, Azərbaycanın turizm potensialının inkişafında xüsusi rol oynayacaq və ölkəmiz turizm mərkəzinə çevriləcəkdir. Müşahidələr göstərir ki, Bakıya gələnlərin, şəhərimizi, ölkəmizi tanıyanların sayı artır ”.
Yarış üçün ölkəmizə təşrif buyuran pilotlarda da Azərbaycan ilə bağlı müsbət təəssüratlar var idi.
““Formula-1”in , ən sürətli şəhər halqasının Bakıda keçirilməsinə təəccüblənmirəm”.
2016 Formula 1 Avropa Qran Prisinin ulduz elçisi seçilmiş McLaren komandasının pilotu Fernando Alonso da ölkəmizi gördükdən sonra bu qənaətə gəldi. Paytaxt gəzintisi zamanı ona yaxınlaşan insanlar ilə şəkil çəkdirən pilot, ölkəmizi çox sevdiyini dönə- dönə vurğuladı. “Bakı həm qədim,həm də müasir şəhərdir. Bura gəldiyim andan məni səslər, görməli yerlər və gülər üzlər salamladı. Bakının inanılmaz enerjisi var.”
Demək, Formula 1 bizə heç də yad bir yarış deyilmiş. Növbəti yarışa hazırlaşırıq və ümidlər yenə də sonsuzdur.
Simulyatorda yarışa hazırlaşarkən treklə tanış oldum və bu trek məndə böyük marağa səbəb olmadı deyən Mercedes komandasının pilotu Luis Hamilton yarışdan sonra trekin onun üçün çox gözlənilməz olduğunu və o, Bakıdan müsbət təəssüratlarla ayrıldığını bildirdi.
“Ölkəmizdə keçirilən Formula-1 yarışları yüksək standartlara cavab verirdi”.
Politoloq Tofiq Abbasovun sözlərinə görə, təhlükəsizlik, infrastruktur hazırlığı, kütləvi tədbirlərin keçirilməsi ilə bağlı təşkilati və texniki bazanın mövcudluğu bunun əyani göstəricisidir. “ Formula-1 yarışı özü ilə yeni texnika nümunələrini, super-motorları ölkəmizə gətirdi. İqtisadi baxımdan ev sahibliyi edən tərəf, əlbəttə ki , müəyyən xərcləri ödəyərək, trassanı öz hesabına hazırladı. Lakin bunun müqabilində ev sahibi həm də çox yaxşı qazanc götürdü. Məsələn, Bakıya çox sayda azarkeş, media mənsubları, turist kütləsi gəldi ki, onların da hesabına Azərbyacanın turizm sektoru qazandı. Ölkə və ən əsası , paytaxt Bakı imic kapitalı əldə etdi.”
“Yarış ilə bağlı təşkilatçılığı yüksək səviyyədə edən Azərbaycan , yüksək nəticə də əldə etdi”.
Politoloq Arzu Nağıyev belə mötəbər yarışın Azərbaycanda keçirilməsini çox müsbət və təqdirəlaiq hesab edir. “ Formula 1 kimi yarışlarda , əsasən, böyük şirkətlər iştirak edirlər. Yarışın Azərbaycanda keçirilməsi ölkəmizi bu şirkətlərə , Azərbaycanın iqtisadiyyatını, tarixini, keçmişini, gələcəyini isə dünyaya tanıdır. ”
“ Formula 1 yarışı təbliğat baxımından çox böyük əhəmiyyət daşıyır”.
Millət vəkili Fazil Mustafa Formula1 ilə bağlı danışaraq bildirdi ki, bu cür yarışlarda ölkənin reklamı, idman yarışlarına ev sahibliyi etmək qabiliyyəti əsas götürülür. Təbii ki, belə yarışlar maddi gəlir gətirməklə yanaşı, ölkənin sosial-iqtisadi həyatına da müsbət təsir göstərir.
“Formula 1 yarışının məhz ölkəmizdə də keçirilməsi illərlə aparılan məqsədyönlü siyasətin və düzgün yatırımın nəticəsidir”.
Turizm şirkətinin rəhbəri Ruslan Quliyevin fikrincə, bu yarışın Azərbaycan turizminin , ən əsası isə ölkəmizin tanınmasında çox böyük rolu var. “Belə mötəbər yarışlar dünyanın sabit ölkələrində keçirilir. Müxtəlif yerlərdə turizm inkişaf etsə də , sabitlik yoxdur. Azərbaycan isə sabit və təhlükəsiz ada brendinə malikdir. Ölkəmiz "Formula 1"də ilklərə imza atdı. Yarış bizim gücümüzü, bacarığımızı bütün dünyaya çatdırdı.”
“Formula 1 yarışı təkcə idman hadisəsi deyil. Bunun arxasında ciddi maliyyə və turizm axını dayanır”.
Millət vəkili Hikmət Babaoğlunun fikrincə Formula 1 ölkəmizin idman siyasətinə uyğun bir yarışdır. “Yarış zamanı həm ölkəmiz tanınır, həm də ölkəyə çoxsaylı turistlər cəlb olunur. Çünki, yarışın geniş azarkeş kütləsi var. Və o təbəqə turizmin elitar təbəqəsidir. Növbəti formula 1 yarışında uğur bizimlə olsun.”
“Bu kimi yarışlar Azərbaycanın dostlarını artırır”.
Millət vəkili Siyavuş Novruzov: “ Belə yarışlar dövlətimizi, mədəniyyətimizi, xalqımızı müsbət mənada təbliğ edir. Azərbaycanı bütün dünyada tanıdır.”
“Formula 1 insanların ölkəmizdə dinc, rahat yaşaya bilməsi üçün əlverişli yer olaraq müsbət mənada tanıdılması baxımından çox faydalı yarışdır”.
Millət vəkili Şahin İsmayılov bundan sonrakı yarışlarda da Formula 1 fanatlarının diqqətinin Bakıda olacağını bildirdi: “Ötən yarışda ölkəmizə gələn jurnalistlər təkcə idman yarışından deyil, Azərbaycan xalqının qonaqpərvərliyindən, necə mədəni, inkişaf etməsindən də yazdılar. Bu yarış xalqımızın nə dərəcədə sülhpərvər olduğunu dünya ictimaiyyətinin gözü qarşısında bir daha sübut etdi.”
“Bu il tələbat daha çox olarsa, tribunaların daxilində oturacaqların sayını artırmağı planlaşdırırıq”.
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai növbəti yarışda tribunaların yeri və sayında hər hansı bir dəyişiklik olmayacağını bildirib. Onun sözlərinə görə, növbəti yarış zamanı ayaqüstü yerlərə rəğbət çox olarsa, ayaqüstü yerlərin sayının artırılması planlaşdırılır. “Artıq dekabrın 1-dən gələn ilki yarış üçün endirimli bilet kampaniyasına start verilib. İki ay müddətində davam edəcək kampaniyada biletlər 30 %-dək endirimli qiymətlərlə təklif olunur. Biletlərin qiyməti dollarla müəyyənləşdirildiyinə görə, məzənnədə yaranan dəyişikliklər biletlərin manat dəyərinə öz təsirini göstərir. Bu baxımdan deyə bilərik ki, dollar hesabı ilə bu ilki qiymətlər ötən ilki qiymətlərlə eyni səviyyədədir.”
Əgər biz bunu hamıdan yaxşı bacarırıqsa, niyə də yox!