• 23:15

Səngərdə baş leytenant rütbəsi alan şəhidimiz

06 Noyabr 2021, 17:00

Aqşin Ənvərli 1994-cü ilin 10 oktyabrında Qəbələnin Xırxatala kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra Tibb Universitetinə qəbul olub. Aqşin həm savadlı həkim, həm də vətənpərvər bir gənc idi. “Ağ xələtli döyüşçü” idi o. “2-ci Qarabağ müharibəsi” başlayanda Xüsusi Təyinatlı Qüvvələrin tərkibində hərbi həkim kimi səngərlərə yollanıb. Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd və Şuşa istiqamətlərində gedən qızğın döyüşlərdə iştirak edib. Cəsurluğu və bacarıqları ilə çox yaralı əsgərimizi sağaldıb, onları həyata qaytarıb. Amma təəssüflər olsun ki, noyabrın 6-sı Xocavənd istiqamətində gedən döyüşdə Aqşin özü də düşmənin mənfur hədəfinə tuş gələrək həyatını itirir, şəhidlik zirvəsinə ucalıb. Şəhidimizin nəşi elə doğulduğu Xırxatala kəndində torpağa tapşırılıb. 

Aqşin 2018-ci ildə tibb xidməti leytenantı rütbəsi ilə Naxçıvanda yerləşən “N” saylı hərbi hissədə xidmətə başlayıb. Bir müddət sonra isə XTQ-nin tibb xidmət rəisi vəzifəsinə təyin edilib. Döyüşlər gedəndə o da səngərdə idi, yaralı döyüşçülərimizə əlindən gələn bütün imkanlarla yardım etməyə çalışırdı. Elə baş leytenant rütbəsi də səngərdə ikən təqdim olunub Aqşinə. Lakin çox keçmədən əbədiyyətə qovuşub, şəhadətə ucalıb.