• 19:17

Göyçayda sakinlər qorxu içərisindədir: Binanın dam örtüyü sıradan çıxıb...

21 Iyun 2022, 14:08

Göyçay Şəhərinin Mehdi Hüseynzadə küçəsindəki 33 saylı, 5 mərtəbəli binanın divarlarında çatlar əmələ gəlib, fasadına yapışdırılan üzlük aqlay daşları qoparaq yerə tökülüb.

 

İnterAz xəbər verir ki, binanın inşası 1988-ci ildə yekunlaşaraq istifadəyə verilib. Rayon ərazisindəki digər binalarda mütəmadi olaraq təmir işləri getsə də, burada indiyədək heç bir iş görülməyib. Bu da öz növbəsində dam örtüyünün sıradan çıxmasına, yağışlı havalarda evlərə su dolmasına səbəb olur. Sonda isə binanın üzlüyü qopmağa, tədricən yerə tökülməyə başlayıb. Nəticədə həm mənzillərin qızdırılması çətinlik yaradır, həm də hər biri 20 kiloqram olan daşlar yerə tökülərkən insanlar və avtomobillər üçün risk yaradır. Qorxu içində yaşayan sakinlər aidiyyəti qurumlardan yardım istəyirlər.

 

Söhbət zamanı məlum oldu ki, bura mənzil istismar idarəsinin balansında deyil, korporativ binadır. Bu səbəbdən birada dövlət tərəfindən hansısa bir təmir işi görülməsi nəzərdə tutulmur. Əlac qalır sakinlərin şəxsi vəsaitinə ki, ona da onların imkanı çatmır. 

 

Mənzil istismar idarəsindən bildirilib ki, sakinlər lazımi məbləği öz aralarında toplayarlarsa, idarə tərəfindən işçi qüvvəsi ayrıla bilər. Qurumdan o da bildirilib ki, binanın mənzil istismar  idarəsinin balansına keçirilməsi üçün sakinlər rəsmi qaydada icra hakimiyyətinə müraciət etməlidir.

 

Tək çarə deyilən kimi, sakinlərin icra hakimiyyətinə müraciəti qalır ki, bina müəssisənin balansına keçsin və beləcə təmiri də dövlət tərəfindən görülsün. Ümid edirik o vaxta qədər hansısa bir bədbəxt hadisə yaşanmaz.