Ankara: Fətullah Gülənin qardaşı qızı Yunanıstana qaçmaq istəyərkən saxlanılıb

Türkiyə hərbçiləri Yunanıstanla sərhədi qanunsuz keçməyə cəhd edən 10 nəfəri saxlayıb...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 23 Iyun 2022, 13:23

 Türkiyə hərbçiləri Yunanıstanla sərhədi qanunsuz keçməyə cəhd edən 10 nəfəri saxlayıb. 

 

İnterAz “Gazeta.ru”ya istinadən xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, saxlanılanlar arasında “Paralel Dövlət” (FETÖ) terror təşkilatının lideri Fətullah Gülənin qardaşı qızı – Sümeye Gülənin də olduğu bildirilir.

 

Araşdırmalar nəticəsində məlum olub ki, ümumilikdə saxlanılan 5 nəfər FETÖ üzvüdür.

 

2016-cı il iyulun 15-də Türkiyənin bir çox şəhərlərində, o cümlədən Ankara və İstanbulda Fətullah Gülən tərəfdarlarının hakimiyyəti zorla ələ keçirmə cəhdi ilə bağlı qanlı hadisələr baş verib.

 

Prezident Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə türk xalqı FETÖ tərəfdarlarına qarşı mübarizəyə qalxdı. Ölkə sakinləri küçələrə çıxıb, terrorçuların planlarını pozub, demokratiyanı müdafiə ediblər. FETÖ-çulara qarşı mübarizədə 251 nəfər həlak olub.

 

Təşkilatın lideri - Fətullah Gülən ABŞ-ın Pensilvaniya ştatında yaşayır. Ankara Vaşinqtondan onun ekstradisiyasını tələb edir.

sss